REGİONLAR
Sumqayıtın alternativ dördüncü çıxış yolu təmir edilib
Sumqayıt, 27 may, Ətrabə Rzayeva, AZƏRTAC
Ötən 3 ildə Sumqayıtda 40 küçədə 75 kilometr yola yeni asfalt örtüyü döşənib. Hazırlanmış xüsusi proqram çərçivəsində şəhərin prospekt və küçələri, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur. Mövcud yolların təmir olunması ilə yanaşı, yeni yollar da salınıb.
Şəhər mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin rəis müavini Səməd Əhmədov AZƏRTAC–a bildirib ki, Sumqayıtın alternativ yolu və sənaye girişi kimi tanınan keçmiş Metallurq, indiki Yəhya Məmmədov küçəsi tam yenidən qurulub. Uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib.
S.Əhmədov onu da qeyd edib ki, Y.Məmmədov küçəsi yenicə təmir olunan 6 kilometrlik “Kimyaçılar” küçəsinə birləşərək Bakı-Quba avtomagistralına çıxır. Bununla da, şəhər ərazisindən 4-cü çıxış yolun işlək vəziyyəti təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, insanların təhlükəsiz hərəkəti üçün piyada zolaqları salınıb.