REGİONLAR
Suqovuşan bəndinin və ondan ayrılan kanalların inşası gələn ilin oktyabrınadək yekunlaşacaq VİDEO
Tərtər, 16 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Suqovuşan su anbarının tutumu 5,86 milyon kubmetrdir. Oradan ayrılan magistral kanalın uzunluğu 5,2 kilometr, suburaxma qabiliyyəti saniyədə 70 kubmetrdir. Hazırda bu kanalın 3 kilometr hissəsi betonlanıb və işlər davam edir. Bu kanalın tam dəmir beton üzlüyə alınması üçün 23 min kubmetr beton işi lazımdır. Onun 10 min kubmetri yerinə yetirilib.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
R.Aslanov bildirib ki, Suqovuşan su anbarının yamacının beton üzlüyə alınması nəzərdə tutulur ki, orada da təqribən 7 min kubmetrə yaxın beton işi həyata keçirilməlidir. Magistral kanaldan ayrılan Tərtər sol sahil kanalının suburaxma qabiliyyəti saniyədə 20 kubmetr, uzunluğu 21 kilometrdir. Bu kanalın altında 96 min hektar suvarılan sahə mövcuddur. Tərtər, Goranboy, Bərdə, Ağdam, Yevlax və Ağcabədi rayonlarının bir hissəsində əkin sahələri bu kanal vasitəsilə suvarılır.
“Burada Suqovuşan bəndinin, onun seqment qapıları təmir edilir, dib sutullayıcısı və irriqasiya suburaxıcı qapılar tamamilə yenidən qurulur. Suqovuşan bəndinin və ondan ayrılan magistral kanalın təmiri zamanı 32 min kubmetr, sol sahil kanalın təmiri zamanı isə 39 min kubmetr beton işi görüləcək. Bütün bu işlərin gələn ilin sentyabr-oktyabr aylarında başa çatdırılması nəzərdə tutulub. Bu işlər başa çatdıqdan sonra su itkisi xeyli azalacaq və sudan tam səmərəli istifadəyə nail olunacaq”, - deyə R.Aslanov əlavə edib.
Qeyd edib ki, ikinci mərhələdə Tərtər sağ sahil kanalının, sol sahil kanalının paylayıcı hissələrinin bərpası, üçüncü mərhələdə şəbəkələrinin təmiri-bərpası nəzərdə tutulur. Bu kompleks işlər həyata keçiriləndən sonra bu kanallar vasitəsilə aparılan suda itki təqribən 5 faizə enəcək. Bu da ancaq buxarlanma hesabına olacaq. Suyun sızması minimum olacaq.