CƏMİYYƏT
Suraxanı rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakı, 27 iyul, AZƏRTAC
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs marketə daxil olub satıcının yatmasından istifadə edərək kassadakı pulları oğurlayıb və hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması və kassadan oğurluq etməsi obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.
Zərərçəkən şəxs hadisə barədə xəbər tutandan sonra ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə məlumat verib. Oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Babayev bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində araşdırmalar aparılır.