İQTİSADİYYAT
Suraxanı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
Bakı, 2 aprel, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 2-dən etibarən Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Sahibkarlığa Kömək Milli Fondu martın 30-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi müəssisəsinin, istixana və zeytunçuluq təsərrüfatlarının, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri fonddan əldə edə bilərlər. Onların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin hamısı dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: [email protected]