CƏMİYYƏT
Suraxanıda abadlıq və quruculuq işləri genişlənir
Bakı, 29 noyabr, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunda bir sıra layihələr icra olunur.
Hazırda rayonun Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı yenidən qurulması və təmiri işləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, parkın ərazisində su şəbəkəsi qurulub, yaşıllıq zolaqları salınıb, əraziyə tamet daşları döşənib. Bundan başqa parkın ərazisindən keçən yüksəkgərginlikli elektrik xətləri yeraltı kabellərlə əvəz olunub, yeni kompleks transformator məntəqəsi tikilib. Parkda uşaq meydançalarının layihələndirilməsi, eləcə də işıqlandırma sistemlərinin quraşdırılması işləri aparılır.
İndiyədək rayonda salınan Heydər Əliyev parkı, Heydər Əliyev prospektinin yanındakı park, Hövsan istirahət parkı və digər park və xiyabanlar paytaxtın simasını daha da gözəlləşdirir. Ümumilikdə son 15 ildə Suraxanı rayonunda 15 park yenidən qurulub, 13 yeni mədəniyyət və istirahət parkı salınıb, 110 minə yaxın ağac əkilib. Yeni parkların salınması zamanı milli memarlıq üslubları ilə yanaşı müasirlik tam uzlaşdırılıb. İstirahət məkanları orijinal elementlər və formalarla zənginləşdirilib. Parklarda müasir işıqlandırma sistemləri yaradılıb, müxtəlif əyləncə və idman qurğuları, söhbətgahlar quraşdırılıb.
Suraxanıda aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsi olan bu cür layihələrin əsas məqsədi sakinlərin və qonaqların rahatlığı və asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir. Eyni zamanda aparılan abadlıq işləri rayonun gözəlliyini artırır, yaşıllıqlarla zənginləşdirir, ekoloji mühiti sağlamlaşdırır.