İQTİSADİYYAT
Şuşa Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Şuşa rayonu üzrə 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Bu barədə AZƏRTAC-a Şuşa Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun hesabat məruzəsi dinlənilib. B.Səfərov bildirib ki, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı giriş nitqində 2017-ci ilin birinci yarısında ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini vurğulayıb, dünyada müharibələrin, münaqişələrin, qanlı toqquşmaların, təhlükələrin artdığı, iqtisadi böhranın daha da dərinləşdiyi bir zamanda ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunub, ictimai-siyasi sabitlik möhkəmlənib.
İcra başçısı əhalinin sosial müdafiəsi məsələlərindən, təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də ətraflı danışıb. Bildirib ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olub və səmərəli nəticələr verib. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapıb. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olub.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Şırlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Hüseynov, Şuşa rayon Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Tuqay Bəhmənov, Şuşa Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov məruzə ətrafında çıxış ediblər.
Sonra rayon icra hakimiyyətinin sektor müdiri Ülvi Heydərov iclasın qərar layihəsini oxuyub.
Daha sonra Milli Mətbuat günü ilə bağlı rayon icra hakimiyyətinin başçısı B.Səfərov ətraflı danışıb, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevi uzun müddət səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.