REGİONLAR
Şuşa məktəbinin komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinin qalibi olub
Ağdam, 20 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qarabağ Regional Mərkəzinin həyətində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət himni səsləndirildikdən sonra tədbirin açılışında Qarabağ Regional Mərkəzinin rəis müavini mayor Eldəniz Bayramov, təhsil şöbəsinin nümayəndəsi Etibar Zeynalov, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəmil Əzimov çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Şuşa şəhər 18 nömrəli tam orta məktəbi I yeri, Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbi II yeri, Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbi III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif ediliblər.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.