ELM VƏ TƏHSİL
Şuşa məktəblərini bitirən məzunlardan 16-sı ötən il qəbul imtahanında 500-dən yuxarı bal toplayıb
Bakı, 20 iyun, AZƏRTAC
Ötən il Şuşanın ümumtəhsil müəssisələrini 176 şagird bitirib və onların 175 nəfəri buraxılış imtahanında iştirak edib. Ümumilikdə 175 nəfər attestat alıb.
AZƏRTAC xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.
Hesabatda bildirilir ki, ümumilikdə attestat alanların 86.86 faizi (152 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.
Qəbul imtahanlarının nəticələrinə əsasən, rayonun 91 məzunu (imtahanlarda iştirak edənlərin 59.87 faizi) tələbə adını qazanıb. Onların 46.15 faizi (42 nəfəri) dövlət, 1.10 faizi (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 45.05 faizi (41 nəfəri) dövlət, 7.69 faizi (7 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub.
Rayonun məzunlarının 16 nəfəri 500-dən, o cümlədən 5 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinə qəbul olub. Rayonun abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 289.74-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 5.2 faiz yuxarıdır.
Qəbul imtahanlarında 16 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Şuşa 20 saylı şəhər tam orta məktəbinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şuşa 1 saylı şəhər tam orta məktəbi daxil olub.