CƏMİYYƏT
“Şuşa, sən azadsan” adlı konsert proqramı təşkil olunub
Bakı, 18 may, AZƏRTAC
Rəşid Behbudov adına Mahnı teatrında “Şuşa, sən azadsan” adlı konsert proqramı təşkil olunub. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, pedaqoji işçilər və tələbələr iştirak ediblər.
AZƏRTAC Nəsimi rayon Gənclər və İdman İdarəsinin saytına istinadla xəbər verir ki, “Şuşa İli”nə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Sonra kollecin qazi müəllimi İdris Hüseynov, tələbələrdən Əzizbəy Muradov və Nicat Mənsimova Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub, həmçinin Səid Rüstəmovun 115 illiyinə həsr edilmiş müsabiqədə birinci yerin qalibləri Adəm Qurbanov, Fateh Şıxəliyev, Kəmalə İsakova, Mehdi Sadıqzadə və Ayxan Bəliyarlı mükafatlandırılıblar.
Tələbələr vətənə aid şeir, mahnı və kompozisiyalar təqdim edərək maraqlı, rəngarəng ifalarla çıxışlar ediblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.