REGİONLAR


Şuşada VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı başlayıb

Şuşa, 5 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri daha bir möhtəşəm tədbirə ev sahibliyi edir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı məhz muğam beşiyində keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 5-də Bülbülün ev-muzeyinin həyətində təşkil olunan müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

Münsiflərə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir. Finalda gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.