REGİONLAR


Şuşadan dünyaya tolerantlıq, sülh, dostluq mesajları verildi

Sumqayıt, 21 may, Ətrabə Rzayeva, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında “Şuşadan dünyaya tolerantlıq ismarışı” mövzusunda konfrans keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qarabağ müharibəsi veteranı Zahid Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Rauf Sərdarov, “Həyat sözü-2” Xristian Dini İcmasının rəhbəri Elçin Paşayev, Sumqayıtda Yəhudi icmasının ravvini Menaxem Mendel, Malakan xristian ruhani dini icmasının rəhbəri Matriona Panamaryova, Bəhayi dini icmasının nümayəndələri, partiya üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Şuşa təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur yeridir. Qarabağın incisi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlardır.

Qeyd edilib ki, Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bir daha Azərbaycanın mədəniyyət paytaxtından bütün dünyaya tolerantlıq, dostluq, qardaşlıq və sülh mesajları verildi.

Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşadan başlanması Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunun göstəricisidir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmanı zəruri edir: “Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi ilə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində vacib bir dönəm başladı. Hələ ötən il mayın 7-də Şuşanın mədəniyyət paytaxtı kimi bəyan edilməsi Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirilməsini gündəmə gətirdi”.

Digər natiqlər də bildiriblər ki, Şuşa nəinki Azərbaycan üçün, həm də region üçün ciddi əhəmiyyətə malik bir məkandır. Qarabağda həyata keçirilən bərpa prosesi dünya üçün yeni bir nümunə olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.