MƏDƏNİYYƏT
TAHİR SALAHOVA RUSİYANIN HÖKUMƏT MÜKAFATI TƏQDİM OLUNMUŞDUR
Dekabrın 25-də Kremldə Rusiyanın görkəmli şəxslərinə Rusiya Federasiyasının hökumət mükafatları təqdim olunmuşdur. Mükafatları Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təqdim etmişdir.
49 görkəmli elm, texnika, mədəniyyət və incəsənət xadimi arasında tanınmış həmvətənimiz, SSRİ xalq rəssamı, Dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, “İstiqlal” ordenli Tahir Salahov da vardır. Prezident Vladimir Putin Tahir Salahova 75 illik yubileyi münasibətilə “Xalqlar dostluğu” ordeni təqdim etmişdir.
Vladimir Putin təqdimat mərasimində bildirmişdir ki, mükafatlar müxtəlif sahələrdə Rusiya dövlətinin möhkəmlənməsinə və inkişafına töhfələrini vermiş Rusiyanın görkəmli şəxslərinə təqdim olunur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yubileyi münasibətilə Tahir Salahova təbrik məktubu göndərmişdir.