SİYASƏT
TERRİ DEVİS: DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ ÇOX ÇƏTİN, MÜRƏKKƏB VƏ İNCƏ MƏSƏLƏDİR
Avropa Şurası Parlament Assambleyası Siyasi işlər komitəsinin martın 5-də Parisdə növbəti iclası keçirilmişdir. İclasda Dağlıq Qarabağ məsələsi üzrə məruzəçi Terri Devisin hesabatı dinlənilmiş, Çeçenistanda vəziyyət, milli azlıqların hüquqlarının qorunması, İraq ətrafında baş verən hadisələr və digər məsələlər müzakirə olunmuşdur.
Terri Devis demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çox çətin, mürəkkəb və incə məsələdir. Buna görə də onu araşdırarkən obyektiv mövqe tutmağa çalışmış, Azərbaycan və Ermənistan tərəflərinin təqdim etdiyi lazımi və zəruri materiallarla çox ciddi şəkildə tanış olmuşdur. O, Minsk qrupunun həmsədrləri və ATƏT-in bu problem üzrə xüsusi nümayəndəsi, səfir Kaspşiklə görüşdüyünü və söhbətlər apardığını qeyd etmişdir.
Bu istiqamətdə işi davam etdirdiyini diqqətə çatdıran Terri Devis məruzənin hazırlanması ilə bağlı yaxın vaxtlarda həm Azərbaycana, həm də Ermənistana səfər edəcəyini, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri ilə görüşəcəyini açıqlamışdır.
Müzakirələrə qoşulan Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə problemin Avropa Şurası tərəfindən obyektiv araşdırılmasının vacibliyini, BMT-nin qətnamələrinə əməl edilərək, işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad edilməsini xüsusi vurğulamışlar. Komitə üzvləri bu məsələnin Avropa Şurasında araşdırılmasının böyük əhəmiyyəti olduğunu qeyd etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris