REGİONLAR
TOVUZDA KEÇİRİLƏN ZONA MÜŞAVİRƏSİNDƏ AQRAR SAHƏDƏ GÖRÜLƏN İŞLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi avqustun 15-də Tovuz rayon mədəniyyət evində Qazax, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarının fermerlərinin iştirakı ilə Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 2007-ci il 25 iyun tarixli qərarının icrası ilə bağlı zona müşavirəsi keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov tədbirin əhəmiyyətini vurğuladı, rayonda görülmüş işlər barədə məlumat verdi.
Sonra respublika kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış etdi. Nazir müavini, ulu öndər Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğını xatırladaraq, respublikamızın həmin illərdə qazandığı uğurları vurğuladı. Natiq qeyd etdi ki, hələ o dövrlərdə kənd əhalisinin maddi rifahı sürətlə yaxşılaşmışdı. Əmək adamları yaraşıqlı evlər tikdirirdi, əmək qabaqcıllarına minik maşınları hədiyyə olunurdu. Aslan Aslanov ümummilli liderin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələndən sonra müstəqil respublikamızda gördüyü işlərdən danışaraq, 1996-cı ildən başlayaraq aparılan aqrar islahatların uğurlu nəticələrindən söz açdı.
Nazir müavini qeyd etdi ki, ulu öndərin siyasi xəttini Prezident İlham Əliyev uğurla davam etdirir. Aqrar sahədə həyata keçirilən islahatlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət almışdır. Hazırda dövlətimiz aqrar sahənin inkişafına xüsusi diqqət yetirir. Kəndli fermerlərə dövlət büdcəsindən güzəştli maliyyə yardımı edilir, kreditlər verilir. Bütün bunlar arqar sahənin dinamik inkişafına zəmin yaradır. Kəndli fermerlərin bu il ötən ildəkindən daha çox məhsul əldə etməsi də həmin qayğının nəticəsidir.
Sonra A.Aslanov Nazirlər Kabinetinin məlum qərarına aydınlıq gətirdi, bu sənəddən irəli gələn vəzifələrin yerlərdə icrası ilə bağlı görüləcək işlərdən danışdı.
Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Mahir Abbasov çıxış edərək bildirdi ki, idarə Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayonlarını əhatə edir. Regionun ümumi torpaq sahəsi 738,8 min hektar, o cümlədən kənd təsərrüfatına yararlı sahə 483687 hektar olmaqla, respublika ərazisinin 8,55 faizini təşkil edir. İslahatlar nəticəsində 447645 subyektə 123526 hektar torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Hazırda respublikada istehsal olunan taxılın 10 faizi, kartofun 63 faizi, tərəvəzin 16,6 faizi bu rayonların payına düşür. Azərbaycan Prezidentinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi barədə 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Nazirlər Kabinetinin 2007-ci il 15 fevral qərarının uğurla həyata keçirildiyini qeyd edən məruzəçi, regionda 37953 hüquqi və fiziki şəxsə 60845 hektar əkin sahəsi üçün dövlət büdcəsindən yanacaq və mühərrik yağlarına görə 2433805 manat yardım verildiyini bildirdi.
Daha sonra ərazi kənd təsərrüfatı idarəsinin rəisi Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın həyata keçirilməsi üçün görüləcək işlərdən danışdı.
Sonda Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayonlarının icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri çıxış edərək, Nazirlər Kabinetinin məlum qərarı ilə bağlı görülən işlərdən danışdılar.