İQTİSADİYYAT
“TRASTBANK” SƏHMDAR KOMMERSİYA BANKININ MÜFLİSLƏŞDİRİLMƏSİNƏ DAİR QƏRAR QƏBUL EDİLMİŞDİRBU BARƏDƏ MİLLİ BANKIN MƏTBUAT XİDMƏTİ MƏLUMAT VERMİŞDİR
Milli Bankın İdarə Heyətinin qərarı ilə 2004-cü il fevralın 3-dən etibarən “Trastbank” SKB-yə 3 ay müddətinə konservasiya (müvəqqəti inzibatçılıq) tətbiq edilmişdi. “Trastbank” SKB-nin Milli Banka təqdim etdiyi maliyyə hesabatlarında öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər aktivlərinin (o cümlədən xarici bank hesablarında) olduğunun əks etdirilməsinə baxmayaraq, bank müştərilər qarşısında öhdəliklərini vaxtında yerinə yetirmirdi. Milli Bank tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bank öhdəliklərini yerinə yetirmək istiqamətində addımlar atmamış, bu da son nəticədə onun fəaliyyətinə müvəqqəti inzibatçılıq tətbiq edilməsinə səbəb olmuşdu. Bununla əlaqədar, Milli Bank tərəfindən konservasiya qrupu yaradılmışdı. Konservasiya dönəmində bankın səhmdarlarının və inzibatçılarının bankın idarə edilməsi üzrə səlahiyyətləri dayandırılmışdı.
Ötən müddət ərzində konservasiya qrupu tərəfindən bankın aktivlərinin və öhdəliklərinin inventarizasiyası aparılmış, xarici banklara müvafiq sorğular göndərilmiş, bankın malik olduğu faktiki maliyyə vəsaitləri barədə məlumatlar əldə edilmişdir. Müəyyən edilmişdir ki, “Trastbank” SKB-nin xarici bank hesablarında faktiki olaraq vəsaitləri mövcud deyil və bankın rəhbərliyi Milli Banka təqdim etdiyi maliyyə hesabatlarında xarici aktivlərə dair saxta sənədlərdən istifadə etmişdir. Bununla əlaqədar artıq müvafiq təşkilatlar məlumatlandırılmışdır.
Həyata keçirilən inventarizasiya bankın maliyyə sağlamlaşdırılması üçün aktivlərinin mövcud olmadığını göstərmiş və bu səbəbdən də müflisləşdirmə proseduruna başlamaq qərarı verilmişdir. Bankın səhmdarlarına qanunvericiliyə uyğun olaraq müvafiq tapşırıqlar verilmişdir.