ELM VƏ TƏHSİL
TÜRKİYƏ RESPUBLİKASI UNİVERSİTETLƏRİNƏ TƏLƏBƏ QƏBULU ELAN EDİLMİŞDİR
Sənəd qəbulu martın 22-dən aprelin 14-dək Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Lənkəranda və Şəkidə təşkil olunmuş sənəd qəbulu komissiyalarında (SQK) aparılacaqdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu il Azərbaycan gənclərinə Türkiyə Respublikasının ən nüfuzlu 12 universitetində 21 ixtisas üzrə təhsil almaq üçün 47 yer ayrılmışdır. Həmin ali təhsil müəssisələri arasında Ankara Universiteti (hindşünaslıq, macarşünaslıq və s. ixtisasları) Boğaziçi Universiteti (siyasi elmlər və beynəlxalq əlaqələr ixtisası), Ege Universiteti (kompyuter mühəndisi, tibb ixtisasları), İstanbul Texniki Universiteti (telekommunikasiya mühəndisi ixtisası), Qazi Universiteti (elektrik və elektronika mühəndisi ixtisası), Hacettepe Universiteti (Amerika mədəniyyəti və ədəbiyyatı ixtisası), Mərmərə Universiteti (sığorta işi) və başqaları vardır. Ankara Universitetinin italyan dili və ədəbiyyatı, ispan dili və ədəbiyyatı ixtisasına daxil olanlara bir il ərzində müvafiq dillər üzrə hazırlıq proqramı tədris olunur. Tədrisin ingilis dilində olduğu universitetlərdə bir il müddətində ingilis dili üzrə hazırlıq proqramları tədris edilir. Bu vaxt təhsil müddətinə daxil deyil. Müsabiqədən keçən bütün abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində “Türkcə öyrətim mərkəzləri”ndə türk dili hazırlıq kursunu keçəcəklər. Qəbul imtahanı zamanı “Ümumi bilik testləri”ndən əlavə, türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər isə hazırlıq kursunda təhsil almadan, birinci kursa qəbul olunacaqlar. Təhsillə bağlı bütün xərcləri Türkiyə Respublikası öz üzərinə götürür.
İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar isə doğum haqqında şəhadətnamənin əslini), orta məktəbi bitirmək haqqında attestatın əslini və yaxud hazırda 11-ci sinifdə təhsil almaları haqqında arayış, 3x4 sm ölçüdə 2 ədəd fotoşəklini SQK-ya təqdim etməklə, vahid ərizə formasını şəxsən doldurmalıdırlar. Hazırda ali məktəbdə təhsil alan tələbələr Türkiyə universitetlərinə ərizə vermək hüququna malik deyillər. Türkiyə Respublikasının ali məktəblərinin ixtisaslarına məlumatı müvafiq sənəd qəbulu komissiyalarından almaq olar.
Abituriyentlər qəbul imtahanını Azərbaycan və rus dillərində verə bilərlər. İmtahanlar aprelin 22-də TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçiriləcəkdir.
Abituriyentlər Türkiyə Respublikasının ali məktəblərinə daxil olduqları təqdirdə 2006/2007-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər.
2006/2007-ci tədris ilində Türkiyə Respublikası universitetlərinə tələbə qəbulu ilə bağlı bütün məlumatı TQDK-nın internet saytından (tqdk.gov.az) əldə etmək mümkündür.