DÜNYA
TÜRKMƏNİSTAN HÖKUMƏTİ SƏDRİNİN KEÇMİŞ MÜAVİNİ BÖYÜK MƏBLƏĞDƏ DÖVLƏT VƏSAİTİNİ MƏNİMSƏMƏKDƏ TƏQSİRLƏNDİRİLİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Türkmənistan hökuməti sədrinin sabiq müavini, neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Quyçnəzər Taçnəzərov xüsusilə iri məbləğdə – 266 milyon 666 min 867 dollardan artıq və 1 milyard 164 milyon 560 min manatdan çox dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Prezident Saparmurad Niyazov hökumətin geniş iclasında demişdir: “Bütün bu illər ərzində ölkənin yanacaq-energetika kompleksi sistemində məsul vəzifələrdə işləyən Taçnəzərov xalq malını oğurlamaq yolunu tutmuşdur”.
Türkmənistanın Baş prokuroru Qurbanbibi Atacanova və milli təhlükəsizlik naziri Aşirmühəmmədov sabiq nazirin vəzifəsindən sui-istifadə etdiyinə dair konkret faktlar gətirmişlər.
S.Niyazov ölkənin neft-qaz kompleksinin rəhbər heyəti arasında sui-istifadə hallarının artdığından danışaraq bildirmişdir ki, bundan sonra yanacaq-energetika kompleksinin heç bir qurumu “Türkmənneftqaz” Dövlət Korporasiyasının etdiyi kimi, ticarət əməliyyatları ilə məşğul olmayacaqdır. Bu funksiyaları Dövlət Əmtəə-Xammal Birjası həyata keçirəcəkdir.