CƏMİYYƏT
Tahir Əlirzayev: “Mediasiya haqqında” qanunun tətbiqi məhkəmələrin iş yükünü əhəmiyyətli dərəcədə azaldacaq VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
“Mediasiya haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı vətəndaşlara göstərilən hüquqi xidmətlərin sadələşdirilməsi baxımından mühüm addım olacaq. Vətəndaşlar üzləşdikləri hər hansı hüquqi problemlə bağlı birbaşa məhkəmələrə deyil, mediatorlara müraciət edəcəklər.
Bu fikri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı vəkil bürosunun sədri Tahir Əlirzayev AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, bu gün məhkəmələrə çoxlu sayda iddialar daxil olur. Bunların arasında çox da mühüm əhəmiyyət kəsb etməyən iddialar da yer alır. Məhkəmələrin icraatında perspektivsiz mübahisələrin olduğunu deyən T.Əlirzayev deyib ki, “Mediasiya haqqında” Qanun tətbiq olunandan sonra məhkəmələrin iş yükü azalacaq. Qanunun tətbiqindən sonra ixtisaslaşmış məhkəmələr yaranacaq.
Tahir Əlirzayevin sözlərinə görə, bu Fərman məhkəmə-hüquq sistemində şəffaflığın artırılması istiqamətində Azərbaycan Prezidenti tərəfindən atılan növbəti addımdır. Belə ki, məhkəmələr bəzən işin mediatorlar tərəfindən həll olunması üçün icraatı dayandırıb məsələnin mediasiya yolu ilə həlli olunmasını vətəndaşlara tövsiyə edəcəklər. Burada ailə, mülki və inzibati məsələlərin həlli nəzərə alınacaq. Qanuna əsasən, mediatorlar fiziki və hüquqi şəxslər arasında vasitəçilik etməlidirlər. Onlar vasitəçi kimi mübahisə edən tərəflərin barışığına şərait və zəmin yaratmalıdırlar.
Qeyd edək ki, mediasiya fəaliyyəti ABŞ, Böyük Britaniya, Almaniya və Avropanın digər inkişaf etmiş dövlətlərində mövcuddur. Ümumiyyətlə, bu fəaliyyət ilk dəfə qədim Romada tətbiq olunub. Qanunun icrası mediasiya şurası tərəfindən həyata keçiriləcək. Qanunda nəzərdə tutulub ki, mediatorlardan biri hüquqşünas, digəri isə fərqli ixtisaslara malik ali təhsilli şəxs olmalıdır.