SİYASƏT
Tahir Mirkişili: Bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahibdir
Bakı, 17 oktyabr, AZƏRTAC
Dünya İqtisadi Forumu ölkələrin gələcəkdə rəqabətə hazırlığını müəyyən edən yeni üsullarla hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını dərc edib. Dünya İqtisadi Forumuna görə qloballaşma prosesi zəifləyir, bu şəraitdə iqtisadiyyatın inkişafı rəqəmsal transformasiyanın sürəti və onun 4-cü sənaye inqilabına hazırlığı ilə müəyyən olunur. Hazırkı dövrdə dünyanın əksər iqtisadiyyatları üçün əsas problem innovasiyalara uyğunlaşmaq və onları tətbiq etmək potensialına sahib olmaqdır. Ekspertlərin fikrincə, bu kateqoriya üzrə dünyada orta göstərici 36 baldır. Azərbaycan da bu kateqoriya üzrə 36 bal toplayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili bildirib.
Deputatın sözlərinə görə, dünyanın əksər ölkələri üçün vətəndaş institutlarının zəif inkişaf etməsi əsas problem olaraq qalmaqdadır. Hesabatda bu kateqoriya üzrə orta bal 53 müəyyən edilib. Azərbaycan bu kateqoriya üzrə 55.8 bal toplayaraq dünya orta göstəricisini ötüb. Dünya İqtisadi Forumu hesab edir ki, dünyada innovativ dəyişiklikləri anlayan və anlamayan ölkələr arasında qlobal uçurum dərinləşməkdədir. Öz iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr, ilk növbədə, iqtisadiyyatın daxili və xarici şok amillərinə dayanıqlılığını təmin etməli, iqtisadi proseslərin iştirakçılarının bütün sahələrdə innovasiyaların tətbiqindən gəlir əldə edə biləcəkləri innovativ ekosistem yaratmalıdırlar.
Deputat, həmçinin vurğulayıb ki, builki hesabatda Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırıb. Ümumilikdə, bir çox göstəricilər üzrə Azərbaycanın dünya ölkələri arasında qabaqcıl yerlərə sahib olduğunu deyən T.Mirkişili bildirib ki, ölkəmiz tənzimləmələrdə qanunların effektivliyi göstəricisi üzrə 22-ci, dövlət tənzimləmələrinin iqtisadiyyata yüklülüyünün azlığına görə 12-ci, hökumətin gələcəyə yönəlik fəaliyyətinə görə 20-ci, ayrı-ayrı maraqlar toqquşmasının tənzimlənməsinə görə 16-cı, dəmir yolu xidmətlərinin səviyyəsinə görə 17-ci, əhalinin elektriklə təchizatı səviyyəsinə görə 1-ci, dəniz limanlarının xidmət səviyyəsinə görə 29-cu, internet istifadəçilərinin sayına görə 36-cı, əhali arasında rəqəmsal vərdişlərə görə 15-ci, öyrətmə yanaşmalarına görə 27-ci, vergilərin və subsidiyaların rəqabətə təsirinin effektivliyinə görə 20-ci, biznesin bahalaşması xərclərinin azlığına görə 17-ci, sahibkarlıq riskinin azlığına görə 21-ci yerdə qərarlaşıb. Ölkədə aparılan iqtisadi islahatların gələcəyə yönəlik çağırışları nəzərə alması və Azərbaycanın iqtisadiyyatının dayanıqlı olaraq gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanması Dünya İqtisadi Forumunun hesabatında bir daha öz əksini tapıb.