DÜNYA
Tailandda daşqınlar 12 nəfərin həyatına son qoyub VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Tailandın cənubunda baş verən daşqınlar nəticəsində azı 12 nəfər həlak olub. Məcrasından çıxan çaylar 700 min nəfərə qədər insanın yaşadığı rayonları su altında qoyub. Bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, daşqınlara bu bölgədə fasiləsiz yağan leysan yağışları səbəb olub. Ölkənin bəzi cənub əyalətlərində suyun səviyyəsi yer səthindən 50 santimetr yüksəyə qalxıb.
Artıq bir neçə gündür ki, Nakhonsithammarat əyalətinin hava limanı bağlanıb. Samui adasının aeroportunda isə onlarla reys ləğv olunub və ya təxirə salınıb, yüzlərlə xarici turist kurortu tərk edə bilmir. Dəmiryol və avtomobil nəqliyyatının hərəkəti də dayanıb. Tailand Hərbi Dəniz Qüvvələrinin “HTMS Ang Thong” desant gəmisi təbii fəlakətdən ən çox zərər çəkən regionlara qayıqlar və humanitar yardım aparıb. Xilasetmə əməliyyatlarında, həmçinin gəmidə yerləşən helikopterlərdən də istifadə olunacaq.
Sinoptiklərin proqnozuna görə, yağışlı hava şəraiti bazar gününə qədər davam edəcək. Bu ərəfədə Tailandın meteoroloji departamenti ölkənin Phuket, Krabi, Praçuapkhirikhan kimi turistik əyalətlərində mümkün daşqınlar barədə xəbərdarlıq yayıb.