SİYASƏT
Tamam Cəfərova: Türkiyə və Azərbaycan əməkdaşlığı dünya miqyasında önəmli amilə çevrilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində birgə iştirakı birliyin gücünün növbəti dəfə nümayişidir. Bu onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilən torpaqlarda gedən quruculuq, bərpa işlərində iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Bu Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının birgə uğurudur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyənin və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Xüsusilə qeyd etməliyik ki, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfərinin dünyaya mühüm siyasi mesaj olduğunu deyən T.Cəfərova bildirib ki, hər bir azərbaycanlı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.
Oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun əhəmiyyətini vurğulayan deputat qeyd edib ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Oktyabrın 26-da təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaq.
T.Cəfərova deyib: “Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışır. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.