ELM VƏ TƏHSİL
Tanınmış iqtisadçı alim tələbələrə bank sektorunun hazırkı vəziyyətindən danışıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) iqtisadiyyat kafedrasının və Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Bank əməliyyatları, banklarda qanunvericilik və maliyyə nəzarət subyektlərinin funksiyaları” mövzusunda tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev, iqtisadiyyat kafedrasının müdiri, dosent Vüqar Nəzərov iştirakçılara mövzunun aktuallığı barədə məlumat verib, banklarda əməliyyatların aparılması ilə bağlı qanunvericilik tələblərinin vacibliyini vurğulayıblar.
Tanınmış iqtisadçı alim Vüqar Bayramov təlimin mövzusu çərçivəsində bank sektorunun hazırkı vəziyyətindən danışıb. Bank əməliyyatları, qanunvericilik və maliyyə nəzarət subyektlərinin vəzifə və funksiyalarından danışan V.Bayramov təlim iştirakçılarının suallarını cavablandırıb.
Sonda təlimdə fəallığı ilə fərqlənənlərə sertifikatlar, ATMU rəhbərliyi tərəfindən isə təlimçi Vüqar Bayramova təşəkkürnamə təqdim olunub.