ELM VƏ TƏHSİL
Tarixçi alim Hüseyn Dəlilinin şəxsi arxivi və kitabxanası Şərqşünaslıq İnstitutuna təqdim edilib
Bakı, 28 iyun, AZƏRTAC
Tanınmış tarixçi alim Hüseyn Dəlilinin şəxsi arxivində olan kitab və əlyazmaların bir qismi AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna təqdim edilib. Bu münasibətlə iyunun 28-də Şərqşünaslıq İnstitutunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq Təbrizdə anadan olan Hüseyn Dəlilinin həyat və fəaliyyətindən, onun Tarix İnstitutunda elmimizə verdiyi töhfələrdən danışıb. Gövhər Baxşəliyeva H.Dəlilinin zəngin şəxsi arxivə və kitabxanaya malik olduğunu və bunların bir hissəsinin ABŞ-da yaşayan həkim qızı İradə Dəlili tərəfindən instituta təqdim edildiyini bildirib, bu kitab və əlyazmaların tədqiqatçılar üçün böyük dəyəri olduğunu qeyd edib.
Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi Hüseyn Dəlilinin həyat yolu, fəaliyyəti, elmi yaradıcılığı barədə ətraflı məlumat verib.
Tədbirdə AMEA-nın Tarix İnstitutunun şöbə müdiri tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev, Şərqşünaslıq İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, Əlyazmalar İnstitutunun baş elmi işçisi tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə və başqaları çıxış edərək Hüseyn Dəlilinin ictimai fəaliyyəti, elmi yaradıcılığı barədə fikirlərini bölüşüb, alimin Şərqşünaslıq İnstitutuna təqdim edilən kitab və əlyazmaların əhəmiyyətini qeyd ediblər.
Sonda Hüseyn Dəlilinin qızı İradə Dəlili tədbirin təşkilatçılarına və iştirakçılara ailəsi adından təşəkkürünü bildirib.