ELM VƏ TƏHSİL
Tarixçi alimin məqaləsi Ukraynada dərc olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarovun rus dilində “Müasir dövrdə terrora qarşı mübarizə: “Yumşaq qüvvə”nin Azərbaycan modeli” (“Borba protiv terrora na sovremennom etape: Azerbaydjanskaya model “myaqkoy silı”) məqaləsi Ukraynanın V.İ.Vernadski adına Tavriya Milli Universitetinin Elmi Xəbərlərinin (Tarix elmləri seriyası) 2021-ci il 3-cü sayında dərc edilib.
Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalədə münaqişələrin mədəniyyət müstəvisində həlli işinin XXI əsrin vacib tələbi olması məntiqindən çıxış edərək, müasir dövrdə humanitar diplomatiyanın terrora qarşı mübarizədə güclü müdafiə platforması və əks-hücum cəbhəsi formalaşdırdığı fikri əsaslandırılır. Terrora qarşı mübarizədə milli humanitar təsir mexanizmləri kompleksindən “yumşaq qüvvə” kimi istifadəyə diqqət çəkilir, daşıyıcısı olduğumuz milli-mənəvi dəyərlərin, Azərbaycan mənşəli modern sosial xidmət sahələrinin dəstəyi ilə terrora qarşı mübarizənin ən qabaqcıl taktika olduğu fikri irəli sürülür. Elmi müddəalar Azərbaycan Respublikasının dövlət siyasəti, o cümlədən Ermənistan – Azərbaycan münaqişəsində Azərbaycan humanitar diplomatiyasının təcrübəsi, Azərbaycan mənşəli “yumşaq qüvvə”nin forma və məzmunu bazasında əsaslandırılır. Münaqişələrin müəyyən mərhələsində “yumşaq qüvvə”nin “sərt qüvvə”nin tətbiqini istisna etmədiyi qənaəti isə 2020-ci ildə qələbə ilə yekunlaşan “Dəmir yumruq” əməliyyatının təcrübəsi ilə vurğulanır. Beləliklə, müasir dövrdə terrora qarşı mübarizədə “Azərbaycan modeli” qalib taktika kimi təqdim edilir.