ELM VƏ TƏHSİL
Tarixçi alimlər beynəlxalq konfransda məruzə ilə çıxış ediblər
Bakı, 11 noyabr, AZƏRTAC
Tarix İnstitutunun əməkdaşları Polşanın Jeşuv Universitetində keçirilən “Qafqaz 2022” adlı 11-ci beynəlxalq elmi konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib.
Konfransda Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov “Şuşa-Qafqazın konservatoriyası siyasi perspektivdə”, professor İradə Bağırova “Postimperiya dövründə Cənubi Qafqazda yeni hakimiyyətlərin və milli elitaların formalaşması (1917-1918-ci ilin birinci yarısı)”, professor Tofiq Mustafazadə “XVIII əsrdə Qarabağ xanlığının tarixində diqqət çəkən mühüm tarixlər və hadisələr”, dosent Tofiq Nəcəfli “Azərbaycan Səfəvi dövlətinin Polşa Krallığı ilə diplomatik münasibətləri tarixindən (I Şah Abbas dövrü)”, dosent İlqar Niftəliyev “Qərbi Zəngəzurun Ermənistana verilməsi”, dosent Nigar Axundova “Erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycanın mədəniyyət abidələri məsələsinə dair” və dosent Nərgiz Axundova “Sovet ekspansiyasından sonra prometeizm ideyalarının yayılmasında Azərbaycan-Gürcüstan əməkdaşlığı” mövzusunda məruzələrlə çıxış ediblər.
Xatırladaq ki, noyabrın 9-da Jeşuv şəhərində Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və Azərbaycanla Polşa arasında ilk əlaqələrin qurulmasının 550 illiyinə həsr olunmuş “Polşa-Azərbaycan münasibətləri: tarix və perspektivlər” xatirə lövhəsinin açılış mərasimi keçirilib.