REGİONLAR
“Tarixə ekskursiya” layihəsi çərçivəsində keçirilən intellektual yarışmanın qalibləri müəyyənləşib
Naxçıvan, 22 aprel, AZƏRTAC
Naxçıvan Tibb Kollecində gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışma keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihənin proqramına əsasən əvvəlcə Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələr üçün muzey gəzintisi təşkil olunub. Heydər Əliyev Muzeyindən başlanan ekskursiya Xalça, Cəmşid Naxçıvanski, Milli Dəyərlər və Ədəbiyyat muzeylərində davam edib. Bələdçilər tərəfindən muzeylərin yaradılma tarixi, aid olduğu şəxsiyyətlərin həyat və fəaliyyəti, nümayiş olunan eksponatları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Ekskursiya bitdikdən sonra intellektual oyun start verilib. Oyun üçün tərtib olunan suallar ekskursiyalarda verilən məlumatlarla bağlı olub. İntellekt yarışında ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 5 komanda mübarizə aparıb. Hər komandanın heyətində 5 oyunçu olub. İki turdan ibarət yarışda mövzu ilə bağlı 24 sual səsləndirilib. Oyunda topladıqları xal və ümumi reytinq göstəricisi bərabər olduğundan üstünlüyə malik iki komanda üçün daha bir neçə sual əlavə edilib. Nəticədə, Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası ümumi hesabda qalib gəlib. “Naxçıvan” Universitetinin “İstiqlal” və Naxçıvan Texniki Kollecinin “Zirvə” komandaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkil etdiyi bilik yarışının sonunda ilk üçlükdə qərarlaşan komandalara və üzvlərinə diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.