SİYASƏT
Tatarıstan Veteranlar İttifaqının sədri Azərbaycan diasporunun rəhbərini fəxri döş nişanı ilə təltif edib
Bakı, 30 dekabr, AZƏRTAC
Yeni il ərəfəsində Kazanda “Tatarıstan Respublikasının Veteranlar İttifaqı” İctimai Təşkilatının rəyasət heyətinin iclası keçirilib. İclasda təşkilatın idarə heyətinin üzvləri, rəhbərləri və ictimai xadimlər iştirak ediblər.
AZƏRTAC “Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Tatarıstan Respublikasının Veteranlar İttifaqı”nın sədri general-mayor Aleksandr Borodinin dəvət etdiyi fəxri qonaqlar arasında Tatarıstan Respublikası Leninoqorsk şəhəri və Leninoqorsk rayonu Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov və “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov da tədbirdə iştirak ediblər.
İclasda gündəlikdəki məsələlər müzakirə edilib, növbəti il üçün tədbirlər proqramı müəyyən edilib. İclasın rəsmi hissəsi başa çatandan sonra təntənəli bayram konserti olub.
General-mayor Aleksandr Borodin qonaqlar qarşısında çıxış edib. O, tədbirin bütün iştirakçılarını və qonaqları salamlayaraq onlara uzun ömür, möhkəm cansağlığı arzulayıb, Yeni ildə ən xoş diləklərini bildirib.
“Tatarıstan Respublikasının Veteranlar İttifaqı” İctimai Təşkilatının sədr müavini Aleksandr Polyakov çıxışında qeyd edib ki, Böyük Vətən müharibəsi illərində faşizm üzərində Qələbədə Azərbaycan da mühüm rol oynayıb.
Aleksandr Polyakov xatırladıb ki, təqribən bir ay bundan əvvəl Azərbaycan diasporunun rəhbəri “Faşizm üzərində qələbəyə Azərbaycanın töhfəsi” adlı unikal kitabın təqdimat mərasiminə dəvət etmişdi. Kitabın müəllifi Kursk şəhərindəki Azərbaycan diasporunun rəhbəri Qasım Kərimovdur.
A.Polyakov deyib: “Bu gün, Yeni il ərəfəsində hörmətli ictimai xadimlərimiz Ramiz Məmmədovu və Emin Ramazanovu qəhrəmanların və veteranların tarixi xatirəsini qorumaq naminə fəaliyyətinə, vətən sevgisinə görə fəxri döş nişanı ilə təltif etmək istərdik”.
Aleksandr Borodin Ramiz Məmmədovu və Emin Ramazanovu “Tatarıstan Respublikası Veteranlar İttifaqı – 50 il” döş nişanı ilə təltif edib.