İQTİSADİYYAT


Tbilisi prospektinin bir hissəsində təmir işləri yekunlaşıb  VİDEO

Bakı, 31 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Yasamal rayonu ərazisindəki Tbilisi prospektində başlanılan təmir işləri sürətlə davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən prospektin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb. Qeyd olunan hissənin uzunluğu 1630 metr təşkil edir.

Ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Hərəkətin normal təşkili üçün zəruri yerlərdə yolgöstərici və yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd olunub ki, bu gün gecə saatlarından etibarən prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsi istiqamətində də təmir işlərinə başlanılır. Adıçəkilən ərazidə təmir işlərinin bir neçə gün ərzində icra olunaraq yekunlaşdırılması planlaşdırılır.

Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunur. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilir.

Təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə və fasiləsiz olaraq həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub, zəruri hallarda isə ikinövbəli iş qrafiki tətbiq edilir.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə artıq II Alatavanın 2 kilometrlik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin də təmiri yekunlaşıb.

Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3,5 kilometr olan küçələrdə təmir işləri aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.