ELM VƏ TƏHSİL
Tbilisidə Azərbaycan və Gürcüstanın gənc iqtisadçı alimlərinin görüşü olub
Tbilisi, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Tbilisidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun və Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun gənc iqtisadçı alimlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderimizin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
“Dəyirmi masa”da Azərbaycan və Gürcüstanın iqtisadi inkişaf perspektivlərinə, kənd təsərrüfatı, sənaye və digər sahələrdə vəziyyətə dair gənc alimlərin məruzələri dinlənilib. Hər iki ölkənin gənc alimləri müxtəlif təqdimatlarla çıxış ediblər. Ümumilikdə 11 təqdimatdan 6-sı Azərbaycandan gəlmiş gənc alimlər tərəfindən təqdim olunub.
Azərbaycanlı gənc alimlər ölkəmizin son 20 ildə keçdiyi yol, iqtisadi sahədə əldə etdiyi nailiyyətlər və gələcək inkişaf planları barədə ətraflı məlumat veriblər.
Görüşdə, həmçinin Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi və bu sahədə gənclərin rolu barədə də fikir mübadiləsi aparılıb.
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri Mayis Güləliyev jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən tədbirin əsas məqsədi ölkələrimiz arasında iqtisadi münasibətlərə gənclərin gözü ilə nəzər salmaq, gənc iqtisadçı alimlərimizin əlaqələrini inkişaf etdirməkdir. Bu gün hər iki tərəfdə çox bacarıqlı, savadlı gənc alimlərimiz var. Onların hazırladıqları təqdimatlar bizə iqtisadiyyatımızı və iqtisadi münasibətlərimizi daha da inkişaf etdirməyə kömək edəcək”.
Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun direktoru Vladimir Popava bu cür görüşün təşkilini yüksək qiymətləndirib və bu təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.
Bildirilib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir. Lakin gənclərimiz, xüsusən də gənc alimlərimiz arasında əlaqələr istənilən səviyyədə deyil. Bu baxımdan belə görüşlərin, səfərlərin təşkili çox böyük əhəmiyyət kəsb edir. “Düşünürəm ki, bu cür tədbirlər davamlı olmalı və əhatə dairəsi daha da genişləndirilməlidir”, - deyə V.Popava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi