REGİONLAR
Tbilisidə keçirilən beynəlxalq konqresdə ölkəmiz də iştirak edib
Tbilisi, 14 mart, AZƏRTAC
Tbilisidə üçüncü Beynəlxalq Qafqaz Süd Sənayesi konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi bu tədbirdə “Yalama Aqropark” MMC-nin nümayəndəsi Sərdar Hacıyev təmsil edib.
O, konqresdə çıxış edərək Azərbaycanda aqrar sahənin inkişafı, bu sahəyə yatırılan investisiyalar, yeni yaradılan aqrar sənaye müəssisələri, o cümlədən aqroparklar barədə məlumat verib.
Xüsusi təqdimatla çıxış edən S.Hacıyev bildirib ki, “Yalama Aqropark” ölkə üzrə yaradılmış ilk aqroparkdır. “Yalama Aqropark”da innovativ üsullardan və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə ölkədə ən yüksək məhsuldarlıq səviyyəsinə nail olunub.
Təqdimat maraqla qarşılanıb.
Konqresdə, həmçinin dünyada geni dəyişdirilmiş məhsulların istehsalının yaratdığı problemlərə toxunulub, təbii süd, ət və digər ərzaq məhsullarının istehsalının artırılmasının, aqrar sahəyə investisiya qoyuluşunun artırılması və digər məsələlər müzakirə olunub.
Yeni heyvan sortlarının yetişdirilməsi, müştərək heyvandarlıq müəssisələrinin yaradılması, ölkələr arasında ticarət əlaqələrinin qurulması məsələləri də diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi