ELM VƏ TƏHSİL
Teatr, kino və xoreoqrafiya sənətinə aid ixtisasları seçən abituriyentlərin nəzərinə
Bakı, 16 may, AZƏRTAC
Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinə aid ixtisaslara qəbul olmaq üçün abituriyent əvvəlcə V ixtisas qrupu üzrə qəbul imtahanının I mərhələsində (cari ilin abituriyentləri üçün
buraxılış imtahanı) azı 60 bal toplamalıdır. Bundan sonra istədiyi Qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçməlidir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyent maksimum 4 komissiya üzrə qeydiyyatdan keçə bilər. Bu istiqamət üzrə ixtisaslara qəbul üçün abituriyent yalnız ixtisas fənnindən imtahan verməlidir. Bütün ixtisaslar üzrə qabiliyyət imtahanı fənninin adı eyni olsa da imtahanın məzmunu ixtisaslar üzrə fərqlənir. Aktyor sənəti ixtisasının əyani şöbəsinə 2022-ci il iyulun 1-dək 25 yaşı tamam olmamış abituriyentlər sənəd verə bilərlər.
Rejissorluq ixtisasını seçən abituriyent qəbul imtahanının I mərhələsi üzrə (cari ilin məzunları üçün buraxılış imtahanı) ən azı 100 bal toplamalıdır. Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasını seçən abituriyent qəbul imtahanının I mərhələsi üzrə (cari ilin məzunları üçün buraxılış imtahanı) ən azı 30 bal toplamalıdır. Bu ixtisasa qəbul olmaq istəyən abituriyent Qabiliyyət imtahanı komissiyasına sağlamlıq haqqında arayış təqdim etməlidir. Aktyor sənəti, rejissorluq, operator sənəti və xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasları üzrə qabiliyyət imtahanının qiymətləndirilməsi 10 ballıq şkala ilə aparılır. 6 və daha yuxarı qiymət alan abituriyent ixtisas seçiminə buraxılır. Müsabiqə qabiliyyət imtahanından əldə edilən nəticə əsasında aparılır. Abituriyent teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə imtahanlara hazırlaşmaq üçün istədiyi ixtisasa uyğun qəbul proqramı ilə tanış olmalıdır. Qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində ətraflı verilib.