CƏMİYYƏT
Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə məlumat verilib
Bakı, 7 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi fevralın 7-də nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran şəhərindəki qarışıq tipli uşaq evində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC bildiriblər ki, tədbirdə qurumun Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və uşaq evinin kollektivi iştirak ediblər.
Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlığı və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib. Həmçinin dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda, 112 – “qaynar xətti” haqqında məlumat verilib, mövzulara dair fotoslaydlar nümayiş olunub.
Sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda iştirakçılara maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.