REGİONLAR
Təcrübə sahəsində yerli pambıq sortlarının hər hektarından 40-50 sentner məhsul götürülür
Sədrəddin İbrahimov: Hədəfimiz seleksiya nəticəsində hər hektardan 60 sentner məhsul əldə etməkdir
Salyan, 5 noyabr, Mahir Babayev, AZƏRTAC
Son illər dövlətimiz tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək Salyanda aqrar sektorun bu sahəsinə marağı xeyli artırıb. Fermerlər pambıq istehsalından yaxşı mənfəət götürdüklərindən rayonda pambıq sahələri ilbəil genişlənir, məhsuldarlıq isə çoxalır. Rayonda xarici ölkələrdən gətirilən pambıq sortları ilə yanaşı, yerli sortların əkininə də üstünlük verilir və məhsuldarlıq heç də az olmur.
Bu il Salyanda 7055 hektar pambıq əkilib ki, bunun da 7 hektardan çoxu Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin payına düşür. İkinci ildir ki, mərkəzin təcrübə sahəsində xarici və yerli sortların qarışıq, yəni çarpaz əkini aparılır.
Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin direktoru Sədrəddin İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il Mərkəzə məxsus sahədə Yunanıstan və Türkiyədən gətirilən 10 sort, eləcə də 4 sort yerli pambıq əkilib. Bunda məqsəd yerli iqlim şəraitinə yaxşı uyğunlaşan daha məhsuldar sortların müəyyənləşdirilməsi və həmin sortlardan geniş istifadə olunmasıdır.
Artıq təcrübə sahəsində pambıq yığımına başlanılıb. Xarici sortlarla yanaşı, yerli sortların əkildiyi sahələrdə də məhsuldarlıq yüksəkdir və bu sortların bir sıra üstün cəhətləri var.
“Alimlərimizin yetişdirdiyi “Gəncə-110”, “Gəncə-160”, “Gəncə-8”, “Aznixi” sortları xarici sortlara nisbətən 8-10 gün tez yetişir. Həmçinin yerli sortda hər qozada olan pambığın çəkisi 4-4,5 qramdırsa, xarici sortlarda 3-3,5 qrama çatır. Yerli sortlar xəstəlik və ziyanvericilərə daha davamlıdır. Bu üstünlüklərinə görə yerli pambıq sortları iqtisadi cəhətdən daha səmərəlidir”, - deyə Sədrəddin İbrahimov vurğulayıb.
Direktor onu da qeyd edib ki, yerli pambıq sortlarının hər hektarından 40-50 sentner məhsul götürülür. Hədəf isə yaxın gələcəkdə yerli sortların xarici sortlarla seleksiyası nəticəsində hər hektardan 60 sentner məhsul götürməkdir.