CƏMİYYƏT
Tədbirdə viruslu hepatit xəstəliyinə qarşı səmərəli mübarizə yolları müzakirə olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin təşəbbüsü ilə “İctimai nəzarət mexanizmləri vasitəsilə viruslu hepatitlərlə effektiv mübarizə yollarının müzakirəsi” layihəsi çərçivəsində “Viruslu Hepatit Hökm Deyil!” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri Ziba Nəbiyeva çıxış edərək bildirib ki, 2014-cü ildə qüvvəyə minən “İctimai İştirakçılıq” haqqında qanun vətəndaş cəmiyyətləri üçün böyük əhəmiyyət kəsb edərək cəmiyyətdə narahatlıq doğuran bir çox məsələləri ictimai nəzarət mexanizmləri vasitəsilə araşdırıb vətəndaş cəmiyyəti mövqeyindən təklif və tövsiyələr vermək imkanı yaradıb. Onun verdiyi məlumata görə, İctimai Birlik viruslu hepatitlərlə mübarizə layihəsi çərçivəsində ölkəmizdə viruslu hepatitlərlə səmərəli mübarizə yollarını əks etdirən analitik hesabat hazırlayıblar, 60 min nəfərdən çox sosial şəbəkə üzvləri arasında geniş maarifləndirmə işləri aparılıb. Layihənin həyata keçirildiyi coğrafi ərazi paytaxtdan başqa Sumqayıt, Gəncə, Qəbələ və Naxçıvanda yaşayan sosial şəbəkə üzvlərini də əhatə edib, 5 min ədəd məlumatlandırıcı flayer hazırlanıb. Perspektivdə layihənin davamlılığını təmin etmək üçün 2018-ci ildə həmin flayerlərin təhsil ocaqlarında paylanması və bir sıra digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirdə ölkəmizdə viruslu hepatitlərə yoluxan xəstələrin statistikası ilə bağlı araşdırma nəticələri slaydlar və statistik qrafiklər şəklində təqdim olunaraq müzakirə edilib.
Sonra Milli Məclisi Aparatı sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abbasova, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqalib Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Sahibə Fərəcova və QHT Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov çıxış edərək layihənin həyata keçirilməsinin vacibliyini və dövlətin yoluxucu xəstəliklərlə mübarizə sahəsində apardığı sosialyönümlü siyasəti diqqətə çatdırıblar.
İctimai müzakirə mövzuları ilə bağlı “Azərbaycan Diabet Liqasının” sədrı Yeganə Sultanova, “Hemofiliyalı Xəstələr” İctimai Birliyinın sədri Gülnarə Hüseynova, Milli QHT Forumunun idarə heyətinin sədri Qorxmaz İbrahimli, “Hippokrat” Tibb Cəmiyyətinin təsisçisi Mayıl Tağıyev, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, “Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının” sədri Taryel Ömərov, “Rinologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri Məzahir Quliyev, həkimlərdən Hicran Xıdırova, Ülviyyə Məmmədova, Aytən İsmayılzadə, Vasif İsmayıl, Faiq Məmmədzadə və başqaları öz fikirlərini söyləyiblər.
Tədbirdə fikir mübadiləsi zamanı əldə edilən konstruktiv təkliflərin uyğun dövlət qurumlarına göndərilməsi qərara alınıb.