MƏDƏNİYYƏT
Tədqiqatçı-alim Gülhüseyn Kazımlı “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif edilib
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Jurnalistlər Birliyinin üzvü, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, muğam irsimizin tədqiqatçısı Gülhüseyn Kazımlı beynəlxalq mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı-alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif edilib.
Qeyd edək ki, Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. O, “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.
Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnib. “Vətən sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”, “Əsgər yuxuları” kimi mahnılar bu qəbildəndir. Onun mahnılarını məşhur müğənnilər Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa ediblər.