CƏMİYYƏT
Tədris Cərrahiyyə Klinikasında son bir həftə ərzində 5 koxlear əməliyyatı keçirilib
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında son bir həftə ərzində daha 5 uğurlu koxlear əməliyyatı icra olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, klinikanın qulaq-burun-boğaz şöbəsinin müdiri Yusif Hacıyev və komandası tərəfindən aparılan bu əməliyyatlardan 4-ü dövlət hesabına keçirilib.
Onun sözlərinə görə, daxili qulağın protezləşməsi əməliyyatları sayəsində anadangəlmə, eşitməyə əlil statusunda olan uşaqların eşitməsi bərpa olunur. “Artıq həmin körpələrə implant taxılıb, bu uşaqlar artıq heç bir şəkildə digərlərindən fərqlənmirlər, tamamilə normal səviyyədə inkişaf edəcəklər, hətta danışıqları da gecikməyəcək. Əminəm ki, bu uşaqlar gələcəkdə qarşımıza müəllim, mühəndis, həkim və s. kimi sənət sahələrinə yiyələnmiş vətəndaş olaraq çıxacaqlar", – deyə Y.Hacıyev bildirib.
Koxlear əməliyyat anadangəlmə problemi olan uşaqlarda tətbiq edilir, həmçinin sonradan bu qabiliyyətini itirən uşaqlara da implant qoyulur.
Həkim uşaqlarda bu problemin qarşısını almaq üçün vaxtında müayinənin çox böyük önəm kəsb etdyini vurğulayıb: “Bütün valideynlərə məsləhətimiz odur ki, eşitmədə hansısa bir problem hiss edən kimi həkimə müraciət etsinlər”.
Eşitmə qüsuru olan uşaqlarla bağlı istənilən zaman Tədris Cərrahiyyə Klinikasına müraciət etmək mümkündür. Burada uşaqlar müayinə, müalicə və uğurlu əməliyyat olunaraq birdəfəlik bu problemdən qurtara bilərlər.