CƏMİYYƏT
Tədris Terapevtik Klinikada 81 yaşlı xəstənin mədəsindəki perifriotrik dəlik uğurla əməliyyat olunub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) III cərrahi xəstəliklər kafedrasında ağır peritonitdən əziyyət çəkən 81 yaşlı xəstə üzərində 3 saat davam edən cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Beş il əvvəl üzərində açıq ürək əməliyyatı keçirilən xəstə əməliyyat olunduğu klinikaya müraciət edərək qarın nahiyəsində ağrılardan şikayət edib. Klinikada 3 gün ağır vəziyyətdə saxlanılan xəstə ağır peritonitdən, yəni mədə xorasının deşilməsindən əziyyət çəkirmiş. O, qanın durulaşması üçün dərmanlar qəbul etdiyinə görə medikamentoz perforasiya baş verib - mədəsi deşilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tibb ocağının III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun dediyinə əsasən, xəstə pnevmoniya, ürək-damar çatışmazlığı xəstəliklərindən əziyyət çəkdiyinə görə, həkimlərin diqqəti əsas patologiyadan yayınıb və onun ürək və ağ ciyər sistemi müalicə edilib: “Xəstənin vəziyyəti günü-gündən ağırlaşdığından o, sidik ləngiməsi, təngnəfəslik, qarında kəskin ağrılar şikayətləri ilə universitet klinikasına üz tutub. Aparılan ətraflı müayinələr zamanı xəstədə “yayılmış peritonit” aşkarlanıb. Onu dərhal universitetin Tədris Cərrahiyyə Klinikasına köçürərək qısamüddətli hazırlıqdan sonra xəstə üzərində cərrahiyyə əməliyyatı aparıldı. Xəstənin qarın boşluğundan 6 litrə yaxın irin və maye fibrin ərpləri xaric olundu. Mədə nahiyəsində olan perifriotrik dəlik tikildi”.
Ağır əməliyyatdan 3 gün keçib və xəstənin vəziyyəti tam qənaətbəxşdir, xəstə əməliyyatdan 4 saat sonra süni nəfəs aparatından ayrılıb.
Əməliyyatı aparan professorun dediyinə görə, III cərrahi xəstəliklər kafedrasının çox böyük potensialı var. Klinikada müasir tələblərə cavab verən yüksək texniki avadanlıqlar var. Müalicə ocağında həzm traktı xəstəlikləri, qida borusunun xərçəngi, mədə xoraları, palippozlar, poliplər, yoğun və nazik bağırsağın bəd və xoşxassəli şişləri və digər patologiyaları, aşağı ətrafların varikoz genişlənməsi ilə məşğul olan mütəxəssislər var. Kafedradakı dopler aparatı vasitəsilə venaların xəstəliklərini müəyyən etmək olur.