ELM VƏ TƏHSİL
Təhsil naziri Füzulidə vətəndaşları qəbul edib
Bakı, 16 oktyabr. AZƏRTAC
Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl M.Cabbarov və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, eləcə də bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, işə qəbulu və işə bərpa olunması, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.