REGİONLAR
Təhsil naziri Qubadlı rayonunun kənd məktəbində “Son zəng” tədbirində iştirak edib
Sumqayıt, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Təhsil naziri Ceyhun Bayramov iyunun 14-də “st. Sumqayıt” yaşayış massivində yerləşən Qubadlı rayon Mirağa Əliyev adına Xal kənd tam orta məktəbində keçirilən “Son zəng” tədbirinə qatılıb. Bu il 28 məzun bu məktəbi bitirib. Ümumilikdə isə Qubadlı rayonunda 32 tam orta məktəb üzrə 447 məzun var.
AZƏRTAC xəbər verir ki, bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil naziri Ceyhun Bayramov müstəqil həyata qədəm qoyan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, öz bilik və bacarıqları ilə Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb.
“11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından başlayaraq müxtəlif fənlərə yiyələndiniz. Müasir dünyada önəmli olan xarici fənləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılan gənclərsiniz. Siz savadlı olmağınızla Vətən qarşısında məsuliyyətimizi dərk edən hərtərəfli şəxslər kimi formalaşmısınız. Uğurlarınız çox olacaq. Belə olan təqdirdə valideynləriniz üçün gözəl övladlar, müəllimləriniz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız”, - deyə nazir XI sinfi uğurla başa vuran şagirdlərə yeni-yeni nailiyyətlər arzulayıb.
Sonra çıxış edən Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, Prezidentin diqqət və qayğısı nəticəsində rayonda təhsilin infrastrukturu yaxşılaşıb, son illərdə 17 yeni məktəb binası istifadəyə verilib, digər məktəblər isə əsaslı təmir edilib.
Aşağı Mollu kənd məktəbinin məzunu, Prezident təqaüdçüsü, Bakı Ali Neft Məktəbinin tələbəsi Nihad Abbasov, qocaman müəllim Malik Atakişiyev də çıxış edərək təbriklərə qoşulublar.
Sonra məzunların həsrətlə gözlədiyi “Son zəng” səslənib. On birincilər biliyin rəmzi açarını 10-cu sinif şagirdlərinə təhvil veriblər.
Məktəblilərin rəngarəng, bir-birindən maraqlı musiqili-bədii çıxışları ilə davam edən bayram tədbiri məzunlara xoş və duyğulu anlar yaşadıb.
Sonda Təhsil naziri Ceyhun Bayramov Mirağa Əliyev adına Xal kənd tam orta məktəbin, Dəmirçilər kənd tam orta məktəbin və Qubadlı şəhər 4 saylı tam orta məktəbin məzunları ilə görüşüb, onlarla söhbət edib.