ELM VƏ TƏHSİL
Təhsilin məzmunu və dərsliklərlə bağlı müzakirələr aparılıb
Bakı, 18 iyul, AZƏRTAC
Təhsil Nazirliyi yanında “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın ilk iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təhsil nazirinin müavini Ceyhun Bayramovun sədrliyi ilə keçirilən iclasda şuranın ictimai əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, təhsilin məzmunu və dərsliklərlə bağlı ümumi vəziyyət ətraflı müzakirə olunub, şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra növbəti iclasın əsas mövzusu “Ümumi təhsilin dövlət standartları” kimi müəyyənləşdirilib.
“Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura müvafiq sahədə mövcud olan problem və təklifləri maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərləri ilə müzakirə etməklə təhsilin məzmununda müasir yanaşmaları tətbiq etməyə imkan yaradacaq.