ELM VƏ TƏHSİL
Tələbə qızlar üçün maarifləndirici mühazirə: “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması”
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Afət Məmmədovanın Binəqədi Gənclər Evində tibbi maarifləndirici mühazirəsi təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda keçirilən tədbirdə 18 nömrəli Bakı Peşə Liseyinin və Bakı Humanitar Kollecinin tələbə qızları iştirak ediblər.
Fondun beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova təmsil etdiyi qurumun İSİM-lə birgə gördüyü işlərdən danışıb.
Həkim-mütəxəssis A.Məmmədova reproduktiv sağlamlığın reproduktiv sistem və onun funksiyaları daxil olmaqla, insanın tam fiziki, əqli və sosial rifah halı olduğunu vurğulayıb. Mütəxəssis ailə planlaşdırılması, onun üsulları və digər məsələlərdən söz açıb.
Sonda A.Məmmədova sualları cavablandırıb, tələbə qızlara maarifləndirici materiallar paylayıb.