ELM VƏ TƏHSİL
“Tələbə seminarları” layihəsinə start verilib
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tələbə seminarları” layihəsinin icrasına başlanılıb.
Aİİ istedadlı və bacarıqlı tələbələrin aşkara çıxarılmasında elmi seminarların xüsusi rol oynadığını nəzərə alaraq, gənclərin müxtəlif mövzularda mühazirələr oxumasını nəzərdə tutub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu seminarlar tələbələrin bilik səviyyələrini, bacarıq imkanlarını nümayiş etdirmələri baxımından əhəmiyyətlidir.
Dekabrın 7-də saat 14.00-da keçiriləcək ilk seminarda “Həyata tələbə baxışı” mövzusunda Aİİ-nin birinci kurs tələbəsi Fərid Qasımzadənin təqdimatı olacaq.
Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişafı istiqamətində silsilə tədbirlərini davam etdirir.