ELM VƏ TƏHSİL
Tələbələr Radiasiya Problemləri İnstitutunda təcrübəyə cəlb olunublar
Bakı, 17 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinə əsasən istehsalat təcrübəsi keçəcək universitet tələbələri ilə görüş olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Görüşdə çıxış edən RPİ-nin baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev tələbələrə institutun tarixi, elmi-tədqiqat istiqamətləri, əldə olunmuş nailiyyətlər və kadr potensialı haqqında məlumat verib. Çıxışında elm və təhsilin əlaqəsinə də toxunan İ.Mustafayev ənənəvi təşkil olunan “Sabahın alimləri” respublika müsabiqəsi və onun əhəmiyyətindən bəhs edib, eyni zamanda, builki müsabiqədə müəssisə alimlərinin aktiv iştirak etdiyini və onların rəhbərliyi ilə hazırlanmış 4 layihənin qalib olduğunu bildirib.
İnstitutun ən gənc elmlər doktorlarını, həmçinin ötən il ölkəmizdə ilk dəfə təşkil olunmuş “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında qalib olmuş müəssisə əməkdaşlarını tələbələrə təqdim edən İ.Mustafayev onların gənclər üçün örnək olduğunu bildirib.
RPİ-nin icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva müəssisədə aparılan multidisiplinar tədqiqatlar haqqında məlumat verib, eləcə də tələbələri bu istehsalat təcrübəsində fəal iştirak etməyə çağırıb.
Xatırladaq ki, Radiasiya Problemləri İnstitutunda tələbələrin elmi-tədqiqat və istehsalat təcrübəsi fevralın 16-dan başlanıb. Təcrübəyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri cəlb olunublar.