ELM VƏ TƏHSİL
Tələbələr arasında könüllülüyün təbliğinə dair qrant müsabiqəsi elan edilib
Bakı, 13 mart, AZƏRTAC
Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının, maraq dairələri üzrə klubların yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, müvafiq təlim kurslarının təşkil olunmasıdır.
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalıdırlar. Təqdim olunacaq layihələr ən azı 25 ali və orta ixtisas təhsil müəssisəsində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidir.
Layihələr martın 14-dən 27-dək qəbul olunacaq. Hər bir hüquqi şəxs yalnız bir layihə ilə müraciət edə bilər.
Müsabiqə barədə daha ətraflı məlumatla nazirliyin saytında tanış olmaq mümkündür.