CƏMİYYƏT
“Teleqüllə” sürüşmə sahəsindəki çatlarda stabillik müşahidə olunur
Bakı, 31 yanvar, AZƏRTAC
“Teleqüllə” sürüşmə sahəsindəki çatlar üzərində yeni mayaklar qoyulub. Hazırda çatlarda heç bir dəyişiklik yoxdur, stabillik müşahidə olunur.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, ərazidə elektrik və seysmik kəşfiyyat işləri, çatlarda ölçmə prosesləri həyata keçirilir, əldə edilən nəticələr araşdırılır. Sürüşmənin Teleqüllə və Alov qüllələrinə heç bir təsiri gözlənilmir. Buna səbəb onların başqa strukturlar üzərində olmasıdır.
Ə.Qaralov respublika ərazisində sürüşməyə meyilli ərazilərdə, o cümlədən vətəndaşların müraciətləri əsasında aparılan aylıq monitorinqin yekunlaşdığını və bülletenin yaxın zamanlarda dərc olunacağını qeyd edib.
Xatırladaq ki, paytaxtın Səbail rayonunda Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşən “Teleqüllə” sürüşmə sahəsində eni 1 metrədək, vizual görünən dərinliyi 4-7 metr arasında olan çatlar qeydə alınıb. Prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti məqsədilə yamacın şaquli kəsilməsi olub.