CƏMİYYƏT
Tənbəlliyin daşını atmağın asan yolu tapılıb
Bakı, 5 avqust, AZƏRTAC
Alimlərin bəziləri hesab edirlər ki, tənbəllik insanın normal vəziyyətidir, yəni bu hal insanın yorulmasından, sakitliyə, dincəlməyə can atmaq istəyindən irəli gəlir. Lakin bəziləri isə etiraz edərək bildirirlər ki, insan daim çalışmaq və zəhmət çəkməklə daha çox uğur qazana bilər.
AZƏRTAC “Komsomolskaya pravda” qəzetinə istinadla xəbər verir ki, amerikalı psixoloq Conatan Feyder insanların çoxunun tənbəl həyat tərzinə təsir edən əsas amilləri açıqlayıb. Onun sözlərinə görə, tənbəlliyin başlıca səbəbləri daim oturmaq arzusu, uğursuzluqla barışmaq xüsusiyyəti və qarşıya maneə çıxdığı halda işin icrasından imtina edilməsidir. Psixoloq əmindir ki, məqsədə çatmaq üçün insanın özünü motivləşdirməsi, beynin dincəlmək istəyinə müqavimət göstərmək bacarığı, yorğunluğa baxmayaraq çalışmaq əzmi onu uğurlu edir.
Statistikaya görə, həvəsi olmayan vaxtda belə özünü işləməyə məcbur edən insanlar başqalarından daha çox uğur qazanırlar. Conatan Feyderin fikrincə, əsas məsələ çətin vəzifəni hissələrə bölüb mərhələ-mərhələ icra etməkdir. Belə olan halda beyin daxil olan məlumatı daha yaxşı qəbul edir və tənbəllik hissi azalır.