REGİONLAR
Tərtər rayonunda 5276 nəfər kütləvi tibbi müayinədən yararlanıb
Tərtər, 19 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Fevralın 12-dən etibarən ölkəmizdə həyata keçirilən əhalinin kütləvi tibbi müayinəsindən Tərtər rayonunda 5276 nəfər sakin yararlanıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun səhiyyə işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn bu nəcib aksiyaya həvəslə qoşulublar. Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilir.
Baş həkimin müavini deyib ki, müayinələrin yüksək səviyyədə aparılması, vətəndaşların rahatlığı üçün xəstəxana zəruri avadanlıqlarla təchiz olunub, lazımi şərait yaradılıb. Sakinlər əsasən terapevt, endokrinoloq, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq, ginekoloq tərəfindən müayinə edilir, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Müayinə edilən sakinlərdən 443 nəfəri ambulator, 5 nəfəri stasionar müalicəyə cəlb edilib. Ümumilikdə tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən yaşı 18-dən yuxarı 58 min 614 nəfərin keçməsi nəzərdə tutulub.
Ölkəmizdə hər il keçirilən əhalinin kütləvi müayinəsi cəbhə bölgəsinin sakinləri tərəfindən razılıqla qarşılanır. Tibbi müayinədən keçən rayon sakinləri Qalalı Hüseynov və Kəmalə Qarayeva AZƏRTAC-ın müxbiri ilə söhbətlərində müayinələrin təşkilindən, yaradılan şəraitdən razılıq edib, əhalinin sağlamlığına yönələn bu xeyirxah aksiyanı yüksək qiymətləndiriblər.