REGİONLAR
Tərtər rayonunda Beynəlxalq Qadınlar Günü qeyd olunub
Tərtər, 8 mart, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, tərtərli qadınlar da rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 50,4 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 4299 nəfəri təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və digər sahələrdə, 55 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifədə 55 nəfər qadın işləyir. Təhsilin inkişafında xidmətilərinə görə 7 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 9 qadın “Tərəqqi” medalı ilə təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Tərtər rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Bayram süfrəsi arxasında keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, şəhid anaları, ağbirçəklər iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Bildirilib ki, milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.
Bildirilib ki, indi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında daha aydın görürük. Birinci vitse-prezidentin təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında misilsiz xidmətləri var. O, istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir.
Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyi, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Qadınların fədakar əməyinin yüksək qiymətləndirildiyi, onlara fəxri adların, fərdi təqaüdlərin verildiyi, orden və medallarla təltif olunduğu diqqətə çatdırılıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına, şəhid anaları və ağbirçəklərə hədiyyə və fəxri fərman təqdim edib. Çıxış edən qadınlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Rayon mədəniyyət evinin hazırladığı rəngarəng musiqi nömrələri tədbiri daha da rövnəqləndirib.