CƏMİYYƏT
Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursat aşkarlanıb VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 29-da bir fermaya və 5 əkin sahəsində 16 partlayış yerinə baxış keçiriblər. Nəticədə 5 partlamamış hərbi sursat aşkarlanaraq götürülüb. Tərtər rayonunun Çaylı kəndində 4 partlamamış hərbi sursat - “9M22U” qrad raketinin mühərrik hissəsi tapılıb. Füzuli rayonunun Horadiz şəhərində isə bir partlamamış hərbi sursat - 122 millimetrlik top mərmisi (A-462) aşkar edilərək götürülüb. Gün ərzində 28 min 620 kvadratmetr ərazi təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Zəngişalı kəndində iki əkin sahəsində 3 partlayış yerinə baxış olub. Bu zaman partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 9 min kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən iyunun 29-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 27 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1557 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 POMZ-2 və bir OZM-72, tank əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.