REGİONLAR
Tərtərdə “Tələbələrin liderlik məktəbi” adlı gənclər düşərgəsi fəaliyyətə başlayıb














Tərtər, 3 iyun, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin və Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Tələbələrin liderlik məktəbi” adlı gənclər düşərgəsi fəaliyyətə başlayıb. Məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlarda vətənpərvərlik ruhunun təbliğ olunması və liderlik məktəbi ilə bağlı təlim kurslarına cəlb etməkdir. Düşərgədə 60 gənc istirahət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanda Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb. Sonra gənclərlə rayon icra hakimiyyətində görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənclərə Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı keçirilən və keçiriləcək tədbirlər barədə də danışıb. Ümummilli Liderin müstəqil Azərbaycanın qurucusu, fenomen şəxsiyyət və dövlət başçısı olduğu, gənclərin onun siyasi fəaliyyətindən hələ çox şey öyrənməli olduqları vurğulanıb.
Gənclər Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotostendlərə, ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na və ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar, Tarix-diyarşünaslıq, Dövlət Rəmzləri muzeylərində olublar.
Gənclər rayon icra hakimiyyətinin inzibati binasında dövlət qulluqçularının iş şəraiti, kitabxanası ilə də tanış olublar.